İran Azərbaycan və Ermənistan arasında sülh bəyannaməsi imzalanmasını alqışlayır. Bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai mətbuat konfransı zamanı deyib. Onun sözlərinə görə, İran Azərbaycan və Ermənistan arasında sülh bəyannaməsi imzalanmasını alqışlayır.
"Azərbaycan və Ermənistan tərəfindən bəyanatın imzalanması iki ölkənin suveren qərarı idi. Biz keçmişdə olduğu kimi iki ölkə arasında Cənubi Qafqazda davamlı təhlükəsizlik və sabitliyə yol açacaq sülh sazişinin ratifikasiyasını dəstəkləyirik", - Bəqai deyib.
“Tramp marşrutu”nun yaradılmasına münasibət bildirərək, o qeyd edib ki, İran blokadanın götürülməsi və kommunikasiya yollarının qurulmasının tərəfdarıdır, lakin bu marşrutlar “beynəlxalq səviyyədə tanınmış sərhədlərin qorunub saxlanılması və ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşılmaqla və heç bir geosiyasi dəyişiklik olmadan” həyata keçirilməlidir. Bəqai vurğulayıb ki, İran regionda xarici silahlı qüvvələrin mövcud olmasından narahatdır. “Bizi əmin ediblər ki, bölgəyə heç bir xarici silahlı qüvvə yerləşdirilməyəcək”, o qeyd edib.