ABŞ prezidenti özünün Truth sosial səhifəsində yazıb ki, Stiv Vitkoff Rusiya prezidenti Vladimir Putinlə çox məhsuldar görüş keçirib. Donald Trampın sözlərinə görə, danışıqlar zamanı mühüm irəliləyiş əldə olunub.
"Mən bəzi avropalı müttəfiqlərimizi bu barədə məlumatlandırdım. Hamı yekdildir ki, bu müharibə bitməlidir və biz yaxın günlərdə və həftələrdə bunun üçün səy göstərəcəyik. Bu məsələyə diqqət yetirdiyiniz üçün təşəkkür edirik", - Tramp bildirib.
ABŞ dövlət katibi Marko Rubio da bəyan edib ki, Vaşinqton Ukraynadakı münaqişəni sona çatdırmağa əvvəlkindən daha yaxındır. Diplomat əlavə edib ki, Tramp-Putin görüşünün gələn həftə baş tutub-tutmayacağı hələ dəqiq deyil. Rubionun sözlərinə görə, yaxın bir neçə gün ərzində Trampın Putinlə telefon danışığı ola bilər, lakin hələ ki, zəng planlaşdırılmayıb.
Dövlət katibi onu da qeyd edib ki, Tramp yaxın 2-3 gün ərzində Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi mümkünlüyü ilə bağlı qərar verəcək.