Yunanıstanın Krit adasında 26 yaşlı Azərbaycan vətəndaşı casusluqda şübhəli bilinərək həbs edilib. Yunanıstanın ERTnews kanalı ölkənin polis və kəşfiyyat xidmətinə istinadən xəbər verir ki, ABŞ-ın Souda körfəzindəki hava və dəniz bazası yaxınlığındakı oteldə yaşayan şəxs hərbi obyektləri lentə alıb.
Məlumata görə, saxlanılan şəxsin Polşa hakimiyyət orqanları tərəfindən verilmiş səyahət sənədi var. Ondan 5 minə yaxın foto və çoxlu sayda video götürülüb. Mümkün həbslə bağlı prokurorluq qərar verəcək. Daha əvvəl həmin şəxs Suda körfəzinə daxil olan və çıxan strateji əhəmiyyətli yerləri və hərbi gəmiləri lentə alarkən diqqət çəkib.
DPA xəbər agentliyi onu da xatırladıb ki, iyunun 21-də Kiprdə bir azərbaycanlı adadakı hərbi obyektlərə qarşı terror aktı planlaşdırmaqda şübhəli bilinərək həbs edilib. Kipr mediası hökumətdəki mənbələrə istinadən məlumat yayıb ki, məhbus Britaniya pasportu ilə ölkəyə daxil olub və İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) adından hərəkət edib.
Kipr və Yunanıstan kəşfiyyat xidmətlərinin məlumatına görə, Aralıq dənizindəki NATO hərbi bazaları, o cümlədən Kiprdəki iki Britaniya bazası və ABŞ-ın Süveyş körfəzindəki bazası İsrail və İran arasında hərbi münaqişənin kəskinləşməsi və ABŞ-ın bu münaqişəyə qarışması fonunda hücumların hədəfi ola bilər. Yunanıstan və Kipr KİV-i xəbər verir ki, hazırda bu yerlərin yaxınlığında təhlükəsizlik tədbirləri gücləndirilib və qeyri-adi fəaliyyətlərə nəzarət edilir.