ABŞ prezidenti Donald Tramp İran və İsrailin razılığa gələ və hərbi əməliyyatları dayandıra biləcəyinə ümid etdiyini bildirib. "Ümid edirəm ki, razılığa gələ bilərik. Düşünürəm ki, bunun vaxtı çatıb və biz nə baş verəcəyini görəcəyik", - Tramp Kanadada G7 sammitinə getməzdən əvvəl jurnalistlərə deyib, Reuters xəbər verir.
Ağ Ev rəhbərinin sözlərinə görə, İsrail və İran arasında münaqişənin həlli ilə bağlı razılığa gəlmək üçün ölkələrə “mübahisəni sona qədər aparmağa” icazə verilməlidir.
Tramp həmçinin ABŞ-ın İsrailin müdafiəsinə dəstəyini davam etdirəcəyini təsdiqləyib. Bununla belə, Amerika lideri bu ölkədən İrana zərbələri dayandırmağı xahiş edib-etmədiyini açıqlamayıb.
Tehran da öz növbəsində ABŞ və İsraillə münasibətlərdə vasitəçi olan Qətər və Omana bildirib ki, Tehran “İsrailin zərbələri altında olduğu müddətdə atəşkəslə bağlı danışıqlara açıq deyil”.