Mayın 16-da Sinqapurda Ermənistanın fəxri konsulluğunun rəsmi açılış mərasimi olub. Tədbirdə Ermənistan Respublikasının Sinqapur Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Serob Becanyan və Sinqapur Respublikası Xarici İşlər Nazirliyinin Avropa üzrə Direktorluğunun baş direktoru Hon Mun Lov iştirak ediblər. Bu barədə Ermənistanın İndoneziyadakı səfirliyi məlumat yayıb.
Rəsmi mərasimdən sonra Sinqapurdakı Müqəddəs Qriqori Lusavoriç Erməni Kilsəsinin həyətində ziyafət təşkil olunub. Səfir Serob Becanyan, baş direktor Honq Mun Lov və Ermənistan Respublikasının fəxri konsulu Tim Jin Çenq salamlama nitqləri ilə çıxış ediblər.
Qəbulda bir sıra ölkələrin Sinqapurda akkreditə olunmuş səfirləri, səfirliklərin nümayəndələri, dövlət strukturlarının və erməni icmasının üzvləri, iş adamları iştirak ediblər.
Tədbir zamanı Ermənistanın və Sinqapurun dövlət himnləri Sinqapurda yaşayan erməni müğənni Qayane Vardanyan tərəfindən səsləndirilib.
Tədbirin sonunda kilsənin həyətindəki Erməni Soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş xaçkarın önünə gül dəstələri düzülüb.