İsrail Hindistanın terrora qarşı özünü müdafiə etmək hüququnu müdafiə edib. "İsrail Hindistanın özünümüdafiə hüququnu dəstəkləyir. Terrorçular bilməlidirlər ki, onlar günahsız insanlara qarşı törətdikləri ağır cinayətlərdən gizlənə bilməzlər", - İsrailin Hindistandakı səfiri Reuven Azar X-də yazır.
Aprelin 22-də Pahalqamda törədilən terror aktından sonra Hindistan silahlı qüvvələri çərşənbə axşamı gecə saatlarında Pakistan və Pakistanın işğalı altında olan Kəşmirdə doqquz əsas terror obyektinə zərbələr endirərək Sindoor əməliyyatına başlayıb. Hindistan hökuməti bütün terror hədəflərinin uğurla vurulduğunu və Pakistanda mülki, hərbi və iqtisadi infrastrukturun təsirlənmədiyini təsdiqləyib.
Hindistan mediasının məlumatına görə, baş nazir Narendra Modi və yüksək vəzifəli şəxslər gecə boyu əməliyyatı diqqətlə izləyiblər. Mənbələr təsdiqləyiblər ki, baş nazir milli təhlükəsizlik müşavirləri və hərbi komandirlərlə daim təmasda olub, əməliyyatın plana uyğun davam etməsini təmin edib.