Vladimir Zelenski bildirib ki, Kiyev yaxın vaxtlarda tərəfdaşları ilə görüşlər keçirəcək. Onun sözlərinə görə, Ukraynanın təhlükəsizliyi məsələsi gündəmdə olacaq. Zelenski vurğulayıb ki, ilkin olaraq ən azı 30 gün ərzində tam və qeyd-şərtsiz atəşkəsə nail olmaq lazımdır.
“Yalnız bundan sonra biz danışıqlara davam edə bilərik. Biz istənilən formatda dialoqa hazırıq. Rusiya hücumlarını dayandırmalıdır", - prezident əlavə edib.
Donald Trampın Ukrayna üzrə nümayəndəsi Keyt Kelloq Rusiya-Ukrayna mümkün nizamlanmasına toxunub. Onun sözlərinə görə, Kiyev və Vaşinqton ötən həftə Londonda 22 bəndlik sülh planı hazırlayıb.
"Ukraynalılar bütün müddəaları bəyənmədilər, lakin bu normaldır", - Kelloq əlavə edib. O, həmçinin Rusiyanın hərbi cəhətdən qalib gələ bilməyəcəyinə əminliyini ifadə edib. Kelloq eyni zamanda qeyd edib ki, Ukrayna müəyyən ərazi güzəştlərinə getməlidir.
Donald Tramp da ümid etdiyini bildirib ki, Moskva və Kiyev arasında razılığa gəlmək mümkün olacaq.
“Putin çox müdrik və hiyləgər adamdır. Onun müharibəni dayandırmaq fikri yox idi. O, bütün Ukraynanı istəyirdi. Düşünürəm ki, biz razılığa gələcəyik, lakin mən buna zəmanət verə bilmərəm", - ABŞ prezidenti qeyd edib.