Martın 4-də Siqnaqi şəhərində ER xarici işlər naziri Ararat Mirzoyan Gürcüstan xarici işlər naziri Maka Bojorişvili ilə görüşüb. Bu barədə ER XİN məlumat verib.
Həmsöhbətlər Ermənistan və Gürcüstan arasında ikitərəfli tərəfdaşlığın gündəliyindəki məsələləri müzakirə edərək, iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasının hazırlanmasının və uğurla keçirilməsinin dinamik qarşılıqlı fəaliyyətin daha bir təzahürü olduğunu vurğulayıblar.
Ararat Mirzoyan və Maka Bojorişvili Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər. Nazirlər gərginliyin azaldılması və məsələlərin sülh yolu ilə həlli üçün səylərin vacibliyini vurğulayaraq, sülhün üstünlüklərini qeyd eidblər. Ermənistan və Gürcüstan xarici işlər nazirləri Yaxın Şərqdəki iki ölkənin daimi səfirlikləri vasitəsilə yerlərdə vətəndaşlara mümkün yardımın göstərilməsində əməkdaşlığın vacibliyini vurğulayıblar.
Görüşdə həmçinin regional əməkdaşlıq, eləcə də çoxtərəfli formatlarda qarşılıqlı fəaliyyət imkanları barədə fikir mübadiləsi aparılıb.