Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ABŞ-ın iqtisadi məsələlər üzrə dövlət katibinin müavini Ceykob Helberq ilə görüşüb. Görüşdə "Enterprise Armenia" şirkətinin baş direktoru Qohar Abajyan iştirak edib. Bu barədə ER Xarici İşlər Nazirliyi məlumat verib.
Həmsöhbətlər Ermənistan-ABŞ strateji tərəfdaşlığının ardıcıl inkişafına yönəlmiş mövcud və mümkün yeni təşəbbüsləri müzakirə ediblər. Qarşılıqlı məmnuniyyətlə vurğulanıb ki, 8 avqustda Vaşinqtonda imzalanmış süni intellekt və yarımkeçiricilər sahələrində əməkdaşlıq haqqında ikitərəfli memorandumlar qarşılıqlı fəaliyyət üçün yaxşı zəmin yaradıb və əməkdaşlığın real təzahürləri artıq mövcuddur.
Həmsöhbətlər Ermənistan və ABŞ arasında yüksək texnologiyalı əməkdaşlıq sahəsində investisiyaların təşviqi və ümumilikdə iqtisadi əməkdaşlığın genişləndirilməsi üzrə fəal işi davam etdirməyə hazır olduqlarını bildiriblər. Bu sahədə Ermənistanda formalaşmış təcrübə və sürətlə inkişaf edən mühit nəzərə alınıb.
Ararat Mirzoyan və Ceykob Helberq qarşılıqlı maraq doğuran digər sahələrin, xüsusən də enerji, əsas mineralların və nadir torpaqların hasilatı, təchizat zəncirlərinin təmin edilməsi və infrastrukturun inkişafı perspektivlərinə toxunublar.