ABŞ prezidenti Donald Trampın administrasiyası dünyanın 30-a yaxın ölkəsində xidmət edən səfirləri və yüksək rütbəli diplomatları geri çağırmaq qərarına gəlib. Bu barədə “Associated Press” Dövlət Departamentinin adı açıqlanmayan rəsmilərinə istinadən xəbər verir.
Mənbənin sözlərinə görə, 30 nəfərdən 29-nun səlahiyyət müddətinin yanvarda başa çatacağı barədə məlumat verilib.
Qeyd olunur ki, adıçəkilən diplomatlar ABŞ-ın 46-cı prezidenti Co Baydenin administrasiyası dövründə vəzifəyə başlayıblar. Geri çağırılan ABŞ səfirlərinin ən çoxu Afrikadandır, orada ABŞ-ın 13 ölkədəki diplomatik nümayəndəliklərinin rəhbərləri işdən çıxarılmaları barədə bildirişlər alıblar.
Asiyada Tramp administrasiyası Vyetnam və Filippin də daxil olmaqla 6 ölkənin səfirlərini geri çağırır.
Yaxın Şərqdə Əlcəzair və Misirdəki yüksək səviyyəli ABŞ diplomatları işlərinin dayandırılması ilə bağlı bildirişlər alıblar.
Kadr dəyişikliyi ABŞ-ın Ermənistan, Şimali Makedoniya, Monteneqro və Slovakiyadakı səfirliklərinə də təsir edəcək. Associated Press xəbər verir ki, bu diplomatlardan Vaşinqtona qayıtmaq tələb olunacaq.