ABŞ və Azərbaycan arasında strateji tərəfdaşlıq xartiyasının hazırlanması üzrə işçi qrupunun ilk iclası keçirilib.
Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib ki, işçi qrupuna Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Elnur Məmmədov, Amerika tərəfindən isə dövlət katibinin köməkçisinin müavini Sonata Koulter rəhbərlik edib.
Avqustun 8-də Vaşinqton Sülh Sammiti çərçivəsində imzalanmış memorandumla müəyyən edilmiş prioritet istiqamətlər üzrə ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib. Əhatə olunan mövzular enerji, ticarət və tranzit, regional əlaqə, iqtisadi investisiyalar, o cümlədən süni intellekt və rəqəmsal infrastruktur, həmçinin müdafiə, təhlükəsizlik və terrorizmlə mübarizə sahələrində əməkdaşlıq olub.
ABŞ-ın Azərbaycandakı səfirliyi işçi qrupunun iclasını şərh edib.
“Birləşmiş Ştatlar Prezident Trampın sülh və tərəqqiyə dair baxışını irəli sürmək və Cənubi Qafqazın mühüm iqtisadi potensialını açmaq üçün dəyərli strateji tərəfdaş kimi Azərbaycanla sıx əlaqəsini davam etdirməyə hazırdır”, - ABŞ-ın Azərbaycandakı səfirliyindən bildiriblər.