ABŞ prezidenti Donald Tramp vəkil Con Koulun Belarus üzrə xüsusi nümayəndəsi vəzifəsinə namizədliyini irəli sürüb. O, bu barədə TruthSocial sosial media platformasında yazıb və Koulu “ABŞ-ın ən görkəmli hüquqşünaslarından biri” adlandırıb.
"O, artıq 100 girovun azad edilməsi ilə bağlı uğurlu danışıqlar aparıb və daha 50 nəfərin azad edilməsini təmin etmək niyyətindədir", - ABŞ prezidenti bildirib. Tramp həmçinin Belarus prezidenti Aleksandr Lukaşenkoya məhbusların azad edilməsi məsələsini müzakirə etdiyinə görə təşəkkür edib.
Sentyabrın 11-də ABŞ-ın xüsusi nümayəndəsi Keyt Kelloqun müavini Con Koulun Minskə səfəri və Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşündən sonra 14-ü xarici vətəndaş daxil olmaqla 52 məhbus azad edilib. Siyasətçi Nikolay Statkeviçdən başqa onların hamısı Litvaya gedib.
Birləşmiş Ştatlar bu addımı alqışlayıb və Minskdə ABŞ səfirliyinin yenidən açılacağını vəd edərək Belarusun dövlət aviaşirkəti Belavia-ya qarşı sanksiyaların ləğvini elan edib. Noyabrın 4-də ABŞ Maliyyə Nazirliyi Belavianı sanksiyalar siyahısından çıxarıb və Lukaşenko ailəsinin təyyarəsi ilə bağlı əməliyyatlara icazə verib.