ABŞ prezidenti Donald Tramp Böyük Britaniyaya dövlət səfərinin sonuncu günü baş nazir Key Starmerlə görüşüb. BBC yazır ki, onların danışıqlarının əsas mövzularından biri Ukraynada müharibəyə son qoymaq olub.
Böyük Britaniyanın baş naziri prezident Trampla birgə mətbuat konfransında Ukraynada sülhə nail olmaq üçün Rusiya prezidenti Vladimir Putinə təzyiqlərin artırılmasının vacibliyini açıqlayıb.
ABŞ prezidenti etiraf edib ki, müharibəni bitirmək onun düşündüyündən də çətin olub və Putin onu məyus edib. O, Putinə təzyiqi artırmazdan əvvəl Avropa ölkələrinin Rusiya neftindən asılılığını azaltmasını gözlədiyini açıq şəkildə bildirdi.
İki lider ABŞ və Böyük Britaniya arasında "xüsusi əlaqələr" və "qırılmaz bağ" haqqında da danışıb, süni intellekt, kvant hesablamaları və nüvə enerjisi sahələrində əməkdaşlıq haqqında saziş imzalayıblar.
Artıq bir neçə Amerika şirkəti Böyük Britaniyaya əhəmiyyətli investisiyalar yatırmaq planlarını açıqlayıb: Microsoft 30 milyard, Google 5 milyard, Nvidia isə 500 milyon dollar vəd edib.