Ermənistan və Azərbaycan nümayəndə heyətləri iki ölkənin sərhədyanı rayonlarına, Syunik və Zəngəlan bölgəsinin cənub hissələrinə qarşılıqlı səfərlər edib. Bu barədə “Lurer”ə baş nazirin müavini Mher Qriqoryanın Aparatından məlumat verilib.
Xatırladaq ki, 2025-ci il sentyabrın 5-də Ermənistan Respublikası Baş nazirinin müavini Mher Qriqoryanın və Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərliyi ilə iki dövlətin nümayəndə heyətləri Ermənistan Respublikası ərazisinə və Azərbaycan Respublikasının ərazisinə qarşılıqlı səfərlər ediblər.
2025-ci il avqustun 8-də Vaşinqtonda əldə edilmiş razılaşmalara uyğun olaraq, kommunikasiyaların yaradılması sahəsində fəaliyyətlərin sinxronlaşdırılması məqsədilə tərəflər sərhəd xəttinin müvafiq hissələrinin delimitasiyası və minalardan təmizlənməsi, o cümlədən zəruri infrastrukturun bərpası və tikintisi və onların həyata keçirilməsi müddətləri ilə bağlı məsələləri müzakirə ediblər.
Nümayəndə heyətlərinin rəhbərləri Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında Dövlət Sərhədinin Delimitasiyası və Sərhəd Təhlükəsizliyi Komissiyasının və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında Dövlət Sərhədinin Delimitasiyası üzrə Dövlət Komissiyasının növbəti iclasının təşkili ilə bağlı fikir mübadiləsi aparıblar.