İran hökumətinin sözçüsü Fateme Mohacerani mətbuat konfransı zamanı xəritə göstərərək Ermənistandan keçəcək marşruta toxunub.
“Bəzi KİV-lərdə, sosial şəbəkələrdə bu məsələ qəribə formada təqdim olunur, sanki bütün şimal sərhədimiz yox olub. Cənab Əraqçı ilə əvvəllər də izah etdiyimiz kimi, regionun sabitliyini, ölkələrin ərazi bütövlüyünü, suverenliyini, sərhədlərinin toxunulmazlığını qoruyub saxlamaq bizim əsas tələblərimizdən biri olub. Təbii ki, qonşu ölkələrdə xarici qüvvələrin olmasına heç vaxt sevinmirik. Biz məsələni yaxından izləyirik, lakin onları media vasitəsilə şişirtməməli və qəribə şəkildə təqdim etməməliyik”, - Mohacerani qeyd edib.
Bundan əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi bəyan etmişdi ki, Ermənistan və Azərbaycanın birgə bəyanatı region ölkələrinin suverenliyi və ərazi bütövlüyünə hörmət və sərhədlərin istənilən dəyişikliyinə müqaviməti ehtiva edir.