Vladimir Zelenski deyib ki, Kiyev və Moskva arasında danışıqlar iyulun 23-də yenidən Türkiyədə baş tutacaq. Ukrayna prezidentinin sözlərinə görə, danışıqların üçüncü raundu zamanı Ukrayna tərəfi üç prioritet məsələni müzakirə etmək niyyətindədir: hərbi əsirlərin və Rusiya tərəfindən oğurlanmış ukraynalı uşaqların qaytarılması, həmçinin iki ölkə liderlərinin mümkün görüşünə hazırlıq.
Rusiya tərəfi bu məlumatı rəsmi şəkildə şərh etməyib, lakin dövlət TASS agentliyi öz mənbələrinə istinadən danışıqların iyulun 24-nə planlaşdırıldığını bildirir.
Xatırladaq ki, bu yaxınlarda Rusiya və Ukrayna danışıqların iki raundu - mayın 16-da və iyunun 2-də keçirilib. Tərəflər atəşkəs şərtləri ilə bağlı təkliflər mübadiləsi aparıb, həmçinin müharibənin başlanmasından bəri ən böyük hərbi əsirlərin və həlak olan hərbçilərin cəsədlərinin mübadiləsi barədə razılığa gəliblər.