BRİKS ölkələrinin “birtərəfli tarif və qeyri-tarif tədbirləri”nin tənqidi fonunda ABŞ prezidenti Donald Tramp təşkilatın “antiamerikan siyasətlərini” dəstəkləyən ölkələrə əlavə rüsumlar tətbiq etməklə hədələyib.
ABŞ prezidenti özünün Truth sosial şəbəkəsində yazıb: "BRİKS-in anti-Amerika siyasətinə qoşulan istənilən ölkə əlavə 10% tarifə tabe olacaq. Bunda heç bir istisna olmayacaq".
Rio-de-Janeyroda keçirilən sammitdən sonra BRİKS ölkələri “ticarəti təhrif edən və Ümumdünya Ticarət Təşkilatının qaydalarına zidd olan birtərəfli tarif və qeyri-tarif tədbirlərinin sayının artırılmasından ciddi narahatlığını ifadə edən” bəyannamə qəbul ediblər.
2024-cü ilin sonunda Donald Tramp BRİKS ölkələrini təşkilat dollara alternativ olaraq öz valyutasını yaratacağı təqdirdə 100% tariflərlə hədələmişdi. 2022-ci ildə Rusiya prezidenti Vladimir Putin BRİKS valyuta səbətinə əsaslanan “beynəlxalq ehtiyat valyutası” yaratmaq niyyətini açıqlasa da, sonradan təşkilatın dövlətlərinin buna “hazır olmadığını” bəyan edib.
BRİKS əvvəlcə dörd ölkənin ittifaqı idi: Braziliya, Rusiya, Hindistan və Çin. 2010-cu ildə onlara Cənubi Afrika, 2024-cü ilin əvvəlində İran, Misir, Efiopiya və Birləşmiş Ərəb Əmirlikləri, daha sonra isə İndoneziya qoşuldu. AFP qeyd edir ki, hazırda alyans ölkələrində dünya əhalisinin təxminən yarısı yaşayır və onların birgə iqtisadiyyatı dünya iqtisadiyyatının 40%-nə çatıb.