ABŞ və Türkiyə prezidentləri NATO sammiti çərçivəsində görüşüblər. Danışıqlar bağlı qapılar arxasında keçirilib. Donald Tramp və Rəcəb Ərdoğan Vaşinqton-Ankara münasibətlərini, regional və qlobal məsələləri müzakirə edib, Şimali Atlantika Alyansının gücləndirilməsinin vacibliyini vurğulayıblar.
Türkiyə tərəfinin məlumatına görə, Ərdoğan ölkələrin müxtəlif sahələrdə, xüsusilə enerji və investisiya sektorlarında böyük potensiala malik olduğunu qeyd edib. Onun sözlərinə görə, əməkdaşlığın, o cümlədən müdafiə sənayesi sahəsində inkişafı ikitərəfli ticarətin həcmini 100 milyard dollara çatdırmağa imkan verəcək.
Rəsmi məlumata görə, Türkiyə prezidenti İsrail və İran arasında Trampın səyləri ilə əldə edilən atəşkəs razılaşmasını alqışlayıb və bunun daimi olacağına ümid etdiyini bildirib. Ərdoğan Qəzza zolağında baş verən humanitar faciənin dayandırılması və Ukraynadakı müharibənin həllinin vacibliyinə də vurğulayıb.