ABŞ dövlət katibi Marko Rubio Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində dinləmələr zamanı qeyd edib ki, Birləşmiş Ştatlar Azərbaycana Ermənistanla sülh sazişinin bağlanmasının vacibliyini çatdırıb.
ABŞ Respublikaçılar administrasiyasının Azərbaycana hərbi yardımın dayandırılması ilə bağlı mövqeyinin necə olması sualına cavab verən Rubio qeyd edib ki, Vaşinqton Yerevanla Bakı arasında sülhün bərqərar olmasına diqqət yetirdiyi üçün hələlik qərar yoxdur.
“Biz indi diqqətimizi Ermənistan və Azərbaycan arasında Azərbaycanın qonşu Ermənistana təcavüzünün qarşısını alacaq sülh müqaviləsi üzrə razılığın əldə olunmasına yönəltmişik. Biz bunun qarşısını almaq istərdik. Prezident Donald Tramp müharibələrin qarşısının alınmasına sadiqdir və biz hər iki ölkə ilə, xüsusən də Azərbaycanla qarşılıqlı əlaqələrimizdə vurğulamağa çalışmışıq ki, sülh sazişi imzalamaq və müharibəyə qarışmamaq çox böyük fayda gətirəcək”, - Rubio bildirib.
ABŞ dövlət katibinin sözlərinə görə, Ermənistanla Azərbaycan arasında müharibə Vaşinqtonun ən son istədiyi şeydir.