“The Guardian” yazır ki, İran ABŞ-ın zənginləşdirmə proqramına etirazını aradan qaldırmaq üçün İran, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) daxil olmaqla, Yaxın Şərq ölkələrindən ibarət konsorsium yaratmaq ideyasını irəli sürüb.
Tehran bu təklifə güzəşt kimi baxır, çünki bu, qonşu dövlətlərə İranın texnoloji biliklərinə çıxış imkanı verəcək və onları prosesdə maraqlı tərəflər edəcək.
Konsorsium Tehran və dünyanın altı qüdrətli dövləti arasında 2015-ci ildə imzalanmış ilk nüvə sazişində müəyyən edilmiş və Donald Trampın 2018-ci ildə birtərəfli qaydada sazişdən çıxdığı 3,67 faiz zənginləşdirmə səviyyəsinə qayıtmaq üçün İran obyektlərinə arxalanacaq.
Mənbənin sözlərinə görə, ABŞ İrandan uranın zənginləşdirilməsini dayandırmağı və bütün nüvə obyektlərini ləğv etməyi tələb edib. Bununla belə, Vaşinqtondakı fikir ayrılıqları fonunda Tramp məsələ ilə bağlı yekun qərar qəbul etməyib və danışıqlarda İranın mövqeyinin ciddiliyini yüksək qiymətləndirib.