ABŞ artıq Rusiya və Ukrayna arasında danışıqlarda vasitəçi rolunu oynamayacaq. "Moskva və Kiyev arasında birbaşa danışıqların vaxtı çatıb", - Dövlət Departamentinin sözçüsü Tami Brüs bildirib.
O əlavə edib ki, Birləşmiş Ştatlar hələ də sülhün bərqərar olması üçün səy göstərəcək, lakin indi münaqişənin nəticəsi üçün Moskva və Kiyevdən “konkret ideyalar” tələb olunur.
ABŞ-ın hazırda Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları ləğv etməyəcəyini vurğulayan sözçü "Dünyada bizim diqqətimizə ehtiyacı olan başqa bölgələr də var" deyə əlavə edib.
ABŞ-ın vitse-prezidenti J.D.Vens də qeyd edib ki, ABŞ Rusiya ilə Ukrayna arasında birbaşa danışıqlara hazırlaşmaq üçün daha 100 gün çalışacaq. Onun sözlərinə görə, tərəflər öz sülh təkliflərini təqdim ediblər və indi Vaşinqton onların bir-birinə yaxınlaşmasına çalışacaq.
Rusiya prezidenti Vladimir Putin də Kiyevlə ilkin şərt olmadan birbaşa dialoqa başlamağa hazır olduğunu bildirib, Ukrayna prezidenti Vladimir Zelenski isə əvvəlcə atəşkəs elan etmək istəyir.