Suriya hakimiyyəti ölkədəki azlıqlara hücum edənləri cavablandırmalıdır. Bu barədə ABŞ dövlət katibi Marko Rubionun bəyanatında deyilir.
Amerika diplomatiyasının rəhbəri deyib: “Birləşmiş Ştatlar son günlər Suriyanın qərbində insanları qətlə yetirən radikal islamçı terrorçuları, o cümlədən xarici cihadçıları qınayır”.
Onun sözlərinə görə, Vaşinqton “Suriyadakı dini və etnik azlıqların, o cümlədən xristian, druz, ələvi və kürd icmalarının yanındadır”.
“Suriya müvəqqəti hakimiyyət orqanları suriyalı azlıqların kütləvi qətlini törədənləri məsuliyyətə cəlb etməlidir”, - dövlət katibi bildirib.
“Reuters”in məlumatına görə, Suriyanın qərbində iki gün davam edən qarşıdurmalarda 745-i mülki şəxs, 125-i Suriya təhlükəsizlik qüvvələrinin əməkdaşı və 148-i Əsədə sadiq döyüşçülər olmaqla, mindən çox insan həlak olub.