Martın 4-də Pekində ER xarici işlər nazirinin müavini Mnatsakan Safaryan və Çin Xalq Respublikasının xarici işlər nazirinin müavini Liu Binin rəhbərliyi ilə Ermənistan Respublikası və Çin Xalq Respublikasının xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məsləhətləşmələr zamanı tərəflər ikitərəfli siyasi dialoqun yüksək səviyyədə olduğunu vurğulayıblar və onun daha da dərinləşdirilməsi üçün atılacaq addımları müzakirə ediblər.
Çin Ermənistanın siyasi müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyib. Ermənistan “Vahid Çin” prinsipini dəstəklədiyini bir daha təsdiqləyib.
İkitərəfli münasibətlərin gündəliyində duran bir çox məsələlər, o cümlədən siyasi, ticarət-iqtisadi, kənd təsərrüfatı, nəqliyyat, mədəni və humanitar sahələr müzakirə edilib. Ermənistan və Çin arasında münasibətlərin inkişafının müsbət dinamikası məmnunluqla qeyd olunub.
Tərəflər “Sülhün kəsişməsi” və “Bir kəmər, bir yol” layihələrinin əhəmiyyətini vurğulayıblar. İnfrastruktur layihələrinin həyata keçirilməsinə xüsusi diqqət yetirilib.
Ermənistan və Çin arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb. Çin tərəfi Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) qarşıdan gələn sədrliyinin prioritetlərini təqdim edib. Tərəflər Ermənistan və Çin arasında ŞƏT çərçivəsində gələcək əməkdaşlığın perspektivlərini müzakirə ediblər.