Martın 4-də Ermənistanın Fransadakı səfiri Arman Xaçatryan Fransanın İl-de-Frans vilayətinin prezidenti Valeri Pekres ilə görüşüb. Bu barədə Ermənistanın Fransadakı səfirliyi məlumat yayıb.
Görüş zamanı səfir Xaçatryan Ermənistan və erməni xalqı ilə bağlı məsələləri daim diqqət mərkəzində saxladığına, erməni xalqına müstəsna həmrəylik nümayiş etdirdiyinə və davamlı dəstəyinə görə İl-de-Frans regionunun prezidentinə minnətdarlığını bildirib. Ermənistan səfiri İl-de-Frans Regional Şurası tərəfindən Ermənistanın və erməni xalqının xeyrinə qətnamələrin qəbulunu və bir sıra təşəbbüsləri yüksək qiymətləndirib.
Yerevan və İle-de-Frans regionu arasında şəhərsalma, nəqliyyat, tullantıların utilizasiyası və frankofoniya sahələrində səmərəli əməkdaşlığa toxunulub. Bu tərəfdaşlığın genişləndirilməsinin və institusional əsasda davam etdirilməsinin vacibliyi vurğulanıb.
Valeri Pekres özünün və İl-de-Frans Regional Şurasının erməni və fransız xalqları arasında dostluğun möhkəmləndirilməsinə və Ermənistan-Fransa tərəfdaşlığının inkişafına yönəlmiş fəaliyyətlərini davam etdirmək öhdəliyini bir daha təsdiqləyib.
Səfir Xaçatryan Ermənistanın Cənubi Qafqazda davamlı sülh və sabitliyin bərqərar olmasına yönəlmiş yanaşmalarını təqdim edib, Azərbaycanda qanunsuz saxlanılan erməni hərbi əsirlərin, girovların və digər həbs edilmiş şəxslərin azad edilməsi məsələsinə toxunub.