Fransa prezidenti Emmanuel Makron bildirib ki, Fransa bazar ertəsi Paris sammitində süni intellektə 109 milyard avro özəl sərmayə qoyacağını açıqlayacaq.
Buraya Kanadanın Brookfield investisiya firmasının Fransanın süni intellekt layihələrinə investisiya etmək istədiyi 20 milyard avro, eləcə də Birləşmiş Ərəb Əmirliklərindən gələcək illərdə 50 milyard avroya çatacaq investisiyalar daxildir. Makron bu barədə bazar günü TF1 televiziyasına müsahibəsində bildirib.
Analitiklərin fikrincə, Avropa hələ də süni intellekt yarışında təkcə ABŞ-dan deyil, Çindən də geri qalır.
Yanvarın sonunda ABŞ prezidenti Donald Tramp bildirmişdi ki, OpenAI, SoftBank Group və Oracle ABŞ-ın Çin və digər rəqiblərini qabaqlamasına kömək etmək üçün növbəti dörd il ərzində süni intellekt infrastrukturu olan Stargate-ə 500 milyard dollar sərmayə qoyacaqlar.