Türkiyə Mərkəzi Seçki Komissiyası (MSK) martın 31-də Van bələdiyyə başqanı seçkilərində kürdyönlü DEM partiyasının namizədi Abdullah Zeydanın qalib gəldiyinə qərar verib. O, 55,4 faiz səs toplayıb, lakin seçki komissiyası müxalifətin namizədinin namizədliyini irəli sürmək hüququ olmadığını əsas gətirərək onun nəticələrini etibarsız hesab etmişdi. Zeydan həm də Kürdüstan Fəhlə Partiyası ilə əlaqədə ittiham olunur. Nəticədə bələdiyyə sədri vəzifəsi 27,1 faiz səs toplayan Ərdoğanın “Ədalət və İnkişaf” partiyasının namizədi Abdulla Arvasa keçmişdi.
Kürdyönlü partiya qərardan apellyasiya şikayəti verib. Van şəhərində bir neçə gündür ki, hüquq-mühafizə orqanlarının əməkdaşları ilə nümayişçilər arasında toqquşmalarla müşayiət olunan kütləvi etiraz aksiyaları keçirilib. İctimai narazılıq və nümayişlər fonunda Türkiyənin Mərkəzi Seçki Komissiyası kürdpərəst namizədin mandatını bərpa etməklə qərarına yenidən baxıb. Mərkəzi Seçki Komissiyasının 7 üzvü qərarın lehinə, 4 üzvü isə əleyhinə səs verib.