Aprelin 18-də Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin ilə Ermənistanın Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi, Ermənistan Respublikası Milli Assambleyası sədrinin müavini Ruben Rubinyan arasında telefon danışığı olub. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Rusiya tərəfi Ermənistan-Türkiyə münasibətlərinin yaxşılaşdırılması Cənubi Qafqazın sabitliyi və davamlı inkişafı üçün mühüm amil olduğundan, Yerevan və Ankara arasında ümumi dil tapılması prosesinə töhfə verməyə davam etməyə hazır olduğunu təsdiqləyib.
Rubinyan Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması ilə bağlı son hadisələr barədə məlumat verib.
Rusiya-Ermənistan münasibətlərinin bir sıra məsələləri, o cümlədən Cənubi Qafqaz regionunda, o cümlədən “3+3” (Azərbaycan, Ermənistan, Gürcüstan üstəgəl Rusiya, İran, Türkiyə) regional əməkdaşlıq platforması çərçivəsində əməkdaşlıqla bağlı məsələlər müzakirə edilib.
Fikir mübadiləsi konstruktiv şəraitdə keçib.